Cəmil Həsənli beynəlxalq müşahidəçilərin suallarını cavablandırdı

img1501234[5]Milli Şuranın namizədinin seçki qərargahı seçki gününə tam hazırdı; MŞ hakimiyyətin seçki saxtakarlığına start verdiyini açıqladı

“Biz seçki gününə tam hazırıq. Respublikanın hər yerində Cəmil Həsənlinin seçki qərargahının adından təyin olunmuş komissiya üzvləri və eyni zamanda həm Mərkəzi Seçki Komissiyası (MSK), həm də dairə seçki komissiyası tərəfindən təsdiqlənmiş müşahidəçilər seçki günü məntəqələrdə olacaqlar”. Bunu “Yeni Müsavat”a açıqlamasında Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizdi Cəmil Həsənlinin Seçki Qərargahının həmsədri Arif Hacılı söylədi.

Onun dediyinə görə, Milli Şuranın məntəqələrdə işləyəcək nümayəndələri seçki saxtakarlıqları olacaqsa və ya buna yol verilərsə, mərkəzi qərargaha məlumat verəcəklər. A.Hacılı qeyd etdi ki, C. Həsənlinin səlahiyyətli nümayəndələri və vəkilləri seçki dairələrinə təhkim edilib: “Onlar ayrı-ayrı seçki dairələrində bilavasitə iştirak edərək, koordinator funksiyasını həyata keçirəcəklər. Bundan başqa, respublikanın 12 rayonunda seçki qərargahları yaratmışıq. Seçki qərargahının nümayəndələri rayonlardakı nümayəndələrimizin fəaliyyətinə nəzarət edəcəklər. Onlar eyni zamanda informasiya mübadiləsi ilə də məşğul olacaqlar. Seçki qərargahında ”Qaynar xətt” yaradılıb. 12 nəfər respublikanın müxtəlif yerlərindən gələn məlumatları toplayacaq. Bundan başqa, mətbuat xidməti fəaliyyət göstərir. Gün ərazində gedən prosesləri izləyən mətbuat xidmətinin əməkdaşları çoxsaylı press-relizlər vasitəsilə media orqanlarını məlumatlandıracaq. Bu işləri həyata keçirmək üçün bütün texniki avadanlıqlar və personal müəyyən olunub. Seçki günü qərargahda olacaq nümayəndələrin siyahısı da müəyyənləşdirilib”.
A.Hacılı bildirdi ki, seçki günü seçki prosesini tam şəkildə müşahidə etmək və seçki mənzərəsini həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyətə çatdıracaqlar. O, eyni zamanda qeyd etdi ki, seçki qərargahının nümayəndələri bəzi məntəqələrin MSK-nın normalarına cavab vermədiyini aşkarlayıblar: “MSK tərəfindən bir çox pozuntuya yol verilib. Seçici siyahılarında çox böyük qüsurlar var. Bir çox seçki məntəqələri standartlara uyğun deyil. Bir çox yeni seçki məntəqələri yaradılıb ki, bu barədə seçicilərə və namizədlərə məlumat verilməyib. Qapalı yerlərdə, həbsxana və hərbi hissələrdə seçkilərin keçirilməsi üçün müəyyən problemlər mövcuddur. Ağdaş və Tovuzda dairə seçki komissiyaları müşahidəçiləri qeydə almaqdan imtina ediblər. Bəzi rayonların icra başçılarının seçki prosesinə müdaxilə edəcəkləri ilə bağlı məlumatlar almışıq. Artıq onlar dairə seçki komissiyalarının sədrlərini çağıraraq müəyyən tapşırıqlar veriblər. Bu, tamamilə yolverilməzdir. Seçki qanunvericiliyinə görə, icra başçılarının seçki prosesinə müdaxilə etməsi qadağandır. Bütün bu məsələlərlə bağlı biz həm MSK-ya, həm də məhkəməyə müaciət etmişik”.
Milli Şuranın mətbuat mərkəzinin rəhbəri Oqtay Gülalıyev isə bildirdi ki, oktyabrın 9-u səhər saatlarından gecəyə kimi və digər günlər də işləyərək seçki prosesini və ondan sonrakı hadisələr barədə mətbuata məlumat verəcəklər: “Artıq yerli və xarici media ilə əlaqələrimizi qurmuşuq. Seçki qərargahı ilə sıx işləyəcəyik. Əlavə olaraq bu prosesə işçilər cəlb olunub. Biz anındaca yerlərdən göndərilən məlumatları alıb, informasiya halına salıb, mediaya ötürəcəyik. Fikrimiz var ki, seçki günü hər yarım saatdan bir prosesləri izləyib, gələn məlumatları dəyərləndirib onları press-reliz halında kütləvi informasiya vasitələrinə göndərək”.
O.Gülalıyev bildirdi ki, C. Həsənli 9 oktyabr saat 11- də Yasamal 17 saylı DSK-nın 6 saylı məntəqəsində səs verəcək.
Dünən həmçinin Müsavat Partiyasında Milli Şuranın Seçki Strategiyası Mərkəzinin toplantısı keçirildi.
C.Həsənlinin sədrliyi ilə keçirilən toplantıda seçki təşviqat kampaniyası dövründə görülən işlər yüksək qiymətləndirildi və bu barədə fikir mübadiləsi aparıldı. Toplantıda seçki günü C.Həsənlinin seçki qərargahının və digər strukturların, eləcə də səlahiyyətli nümayəndələrin, vəkillərin üzərinə düşən vəzifələr və görüləcək işlərlə bağlı müzakirələr aparıldı.
Toplantıda qeyd olundu ki, prezident seçkilərində Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə böyük səs fərqi ilə uduzacağının fərqində olan mövcud Əliyev hakimiyyəti srağagündən seçki öncəsi durumun gərginləşməsinə və seçkilərin saxtalaşdırılmasına yönəlik total qanun pozuntularına başlayıb.
Onu da qeyd edək ki, oktyabrın 8-də Milli Şuranın vahid namizədi Cəmil Həsənli və bu birliyə daxil olan siyasi partiyaların rəhbərləri AŞ PA, ATƏT və Aİ nümayəndələrinin iştirakı ilə beynəlxalq müşahidəçilər missiyasının suallarını cavablandırıblar.
Görüş seçkiqabağı vəziyyətə və Azərbaycan prezidenti seçkilərində 9 oktyabr ümumxalq səsverməsinə həsr olunub.
Görüşdə iştirak edən mənbənin “Turan”a verdiyi məlumata görə, missiya üzvlərini seçkiqabağı mühit, namizədlər üçün bərabər şəraitin mövcudluğu, C.Həsənlinin platforması, seçicilərlə görüşlərin keçirilməsi şəraiti, ictimai əhval-ruhiyyə, medianın vəziyyəti, iqtisadiyyatda neft amili məsələləri maraqlandırıb.
C.Həsənli öz cavablarında televiziya debatlarında, seçiciləri ilə görüşlərdə və KİV-də səsləndirdiyi tezislərdən, dəlillərdən və faktlardan istifadə edib. C.Həsənli bildirib ki, AŞPA missiyasının əvvəlki seçkilərə verdiyi qiymətlər bu təşkilata qarşı etibarsızlıq yaradır, onun bəzi üzvləri isə İlham Əliyevin vəkilləri qismində çıxış edir.
Buna cavabda AŞ PA nümayəndə heyətinin rəhbəri Robert Voulter bildirib ki, irad ədalətsizdir, belə ki, missiya üzvləri Azərbaycandakı vəziyyətə anlayışla yanaşır.
Görüşdə iştirak edən AXCP sədri Əli Kərimli missiyaya xatırladıb ki, Azərbaycan seçicisi 142 siyasi məhbusun və cəmiyyətə qarşı misli görünməmiş təzyiqin olduğu bir şəraitdə səsverməyə gedir.

Bir şərh yazın