Kanadadan Cəmil Həsənliyə dəstək bəyanatı

0wer8qwer8errr[1]Kanadada yaşayan bir qrup azərbaycanlı seçkilərdə Milli Şuranın namizədi Cəmil Həsənlini dəstəklədikləri haqda bəyanat imzalayıb. “Azadlıq”ın elektron poçtuna göndərilən bəyanatda deyilir:

Biz, Kanadada yaşayan azərbaycanlılar icmasının fəal nümayəndələri olaraq, seçki prosesi ətrafında baş verənləri narahatlıq və ümidlə izləyirik. Narahatığımız ondan irəli gəlir ki, hakimiyyət öz nəzarətində olan inzibati resurslardan istifadə edərək ölkə daxilində vətəndaşların sərbəst toplaşmasının, azad seçim etməsinin, kütləvi informasiya vasitələrinin seçki prosesini şəffaf və bərabər şəkildə işıqlandırmasının qarşısını alır. Həmçinin, hakimiyyətin apardığı siyasət, xüsusilə azad fikrə qarşı göstərilən təzyiqlər, 9 oktyabr və sonrasında baş verə biləcək hüquq pozuntularının və demokratik düşərgəyə qarşı yeni hücumların xəbərçisidir.

Bizim diqqət yönəltmək istədiyimiz başqa bir məqam isə hakimiyyətin diplomatik nümayəndəliklər və diaspora təşkilatları vasitəsilə seçki mühitinə təsir etmək cəhdləridir. Hakimiyyət səfirliklər və diaspora təşkilatlarını səfərbər edib xaricdə yaşayan azərbaycanlıların adından YAP-ın namizədini dəstəkləyən müxtəlif bəyənatlar verilməsini təşkil edir. Şablon cümlələrdən ibarət bəyanatlar çox vaxt həmin ölkələrdə yaşayan azərbaycanlılardan xəbərsiz onların adından verilir və hakimiyyətin himayəsində fəaliyyət göstərən media qurumları tərəfindən tirajlanır.

Biz təəssüf edirik ki, Azərbaycan Respublikasının Kanadada səfirliyi və müəyyən diaspora qurumları da seçki prosesinin hakimiyyət tərəfindən idarə olunmasında iştirakçıya çevrilib. Bu səpkidə Kanada Azərbaycan Tədqiqatlar İnstitutu (KATİ) və oxşar qurumların adından son günlərdə yayılan bəyənatlar və səfirliyin Kanadada qeyri-ciddi səbəblərdən seçki məntəqəsi təşkil etməməsi bizim tərəfimizdən böyük təəssüf hissi ilə qarşılanır. Kanadadakı səfirlik seçki məcəlləsinin 35.6-cı maddəsində nəzərdə tutulan xaricdə yaşayan Azərbaycan vətəndaşlarının seçki hüququnun məhdudlaşdırılmasını qeyri-ciddi arqumentlərlə əsaslandırmağa çalışır, sosial şəbəkələrdə və əyani olaraq bu məsələni qaldıranlara kinayəli cavablar verir. Səfirliyin Kanadada seçki təşkil edilməməsini 50 nəfərdən az seçicinin olması ilə izah etmək cəhdi isə xüsusilə qeyri-ciddi təsir bağışlayır. Əslində təkcə bir ali məktəbdə (məsələn, Toronto Universitetində) təhsil alan səsvermə hüququna malik olan azərbaycanlı tələbələrin sayı qanunda nəzərdə tutulan minimum seçici sayından artıqdır.

Bütün bu mənfi cəhətlərə baxmayaraq, biz həm də proseslərin müsbət dəyişikliklə nəticələnəcəyinə ümidliyik; ümidliyik ona görə ki, hakimiyyətin qarşısında Cəmil Həsənlinin timsalında mübariz, təcrübəli və səriştəli bir rəqib var. Gərək təşviqat prosesi dövründəki çıxışlarında ortaya qoyduğu cəsarət və dürüstlük nümunəsi, milli və bəşəri dəyərlərə bağlılığı, gərəksə də bundan əvvəlki fəaliyyətində Azərbaycanın elmi, siyasi və ictimai həyatına verdiyi töhfələr Cəmil bəyi milyonlarla azərbaycanlının olduğu kimi bizim də nəzərimizdə hazırkı seçkinin ən layiqli namizədi edir. Biz Kanadada müxtəlif sahələr üzrə fəaliyyət göstərən və ya təhsil alan bir qrup Azərbaycan gənci olaraq Cəmil bəyin Azərbaycanın daxili və xarici problemlərini həll edə biləcək uğurlu namizəd olduğuna inanır və səsvermə hüququ olan bütün həmvətənlərimizi Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Professor Cəmil Həsənliyə səs verməyə, səslərini qanunla müəyyən olunmuş bütün yollarla qorumağa çağırırıq.

Bəyanatı 22 nəfər imzalayıb.

Bir şərh yazın